Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşları təltif olunub

23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir qrup şəxs təltif edilib. Onların sırasında Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşları da yer alıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamına əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Ordubad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədov Elvin Təvəkgül oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun 23 iyun 2025-ci il tarixli Sərəncamına əsasən, Ordubad Rayon İcra Hakimiyyəti başçısı aparatında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinin müdiri Quliyev Təbriz Siyavuş oğlu və “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi”nin məsləhətçisi Qaffarova Elnurə Əlihüseyn qızı “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.

Göstərilən yüksək etimada görə Ordubad Rayon İcra Hakimiyyəti kollektivi adından ölkə rəhbərliyinə öz minnətdarlığımızı bildirir, bu təltiflərin dövlət qulluqçularının əməyinə verilən yüksək qiymətin göstəricisi olmaqla yanaşı, gələcək fəaliyyət üçün də ciddi stimul olacağına əminliyimizi ifadə edirik.