Ordubad Rayon İcra Hakimiyyətinin və icra hakimiyyətinə tabe olan qurumların əməkdaşları üçün rayon İcra Hakimiyyətinin inzibati binasında “Peşəkar kompetensiyaların təmin edilməsi şərtləri” mövzusunda təlim keçirilib. Keçirilən təlimdə dövlət qulluqçularının əsas kompetensiyaları, peşəkar kompetensiyanın elementləri, professional bilik və bacarıqların kateqoriyaları, peşəkar kompetensiyaların təmin edilməsində yumşaq davranış (soft skills), peşəkar kompetensiyaların təmin edilməsində liderlik bacarıqları, peşəkar kompetensiyaların təmin edilməsində motivasiya barədə ətraflı məlumat verilib.
Qrupun idarə edilməsində əsas çətinliklər nədir? keysləri üzərində müzakirələr aparılaraq təlimdə yaxşı mütəxəssisi pis menecer etməmək modeli, rəqəmsal sinir sisteminin nə olduğu, rəqəmsal sinir sisteminin formalaşdırılması və faydaları haqqında da geniş izah verilib. Həmçinin performansın idarə edilməsi metodlarından, dövlət-özəl tərəfdaşlığı, sektorlararası keçidin optimallaşdırılması məsələlərinə toxunulub.
Dövlət qulluqçuları tərəfindən təlim maraqla qarşılanıb, belə təlimlərin keçirilməsinin onların bilik və bacarıqlarının artırılmasında böyük rol oynayacağı, öyrəndiklərini iş prosesində tətbiq edəcəklərini bildiriblər.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, davamlı belə təlimlərin keçiriləcəyi bildirilib.