Ordubad Rayon Mədəniyyət Sarayında Uşaq Səfirlər Məclisinin Ordubad rayonu üzrə regional nümayəndələrinin təşkilatçılığı ilə “20 Yanvar şəhidlərini hörmətlə anırıq” mövzusunda tədbir keçirilib. Tədbir 20 Yanvar faciəsinin qəhrəman şəhidlərinin xatirəsinə həsr olunub.
İlk olaraq Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Uşaq Səfirlər Məclisinin Ordubad rayonu üzrə regional nümayəndələri Aqşin Əliyev, Nəsrin Məmmədova, Cəfər Səfərli və digər təşkilatçıların çıxışları dinlənilib. Tədbirdə Ordubad şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı kompozisiya təqdim olunub, 20 Yanvar şəhidi Rahim Babayevin həyat yolunu əks etdirən videoçarx nümayiş etdirilib. Ardınca Ordubad şəhər İnternat və 3 saylı tam orta məktəblərinin hazırladığı səhnəciklər nümayiş etdirilib.
Şəhid Rahim Babayevin bacısı, Ruhiyyə Babayeva çıxış edərək faciənin tarixindən, qardaşı şəhid Rahim Babayevin şərəfli həyat yolundan bəhs edib. Sonda ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir daha ehtiramla yad edilib.