Ordubad rayon Peşə Liseyində 08 noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib

       06 noyabr 2024-cü il tarixdə Ordubad Rayon Peşə Liseyində 08 noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.

      Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.   

     Giriş sözü ilə tədbiri açan Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Əli Heydərov Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin tariximizin ən parlaq səhifəsi olduğunu,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və Azərbaycan Ordusunun rəşadəti sayəsində erməni vandalizminə son qoyulduğunu bildirib. O, çıxışında Vətən müharibəsində Zəfərə imza atan bütün qəhrəmanlarımızın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb. Həmçinin torpaqlarımızın azad edilməsindən sonra məcburi köçkünlərin öz  doğma yurdlarına geri qayıtdığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

      Daha sonra Ordubad rayon Peşə Liseyinin direktor vəzifələrini müvəqqəti icra edən, direktor müavini Nicat Rzayev və Vətən müharibəsi qazisi Sahil Hacıbəyli Ali Baş Komandan İlham Əliyev liderliyində ölkəmizdə aparılan islahatlardan, məqsədyönlü daxili və xarici siyasət nəticəsində torpaqlarımızın azad olunmasından, ərazi bütövlüyümüzün bərpa edilməsindən söhbət açıblar.

       Tədbirdə Vətən müharibəsi ilə əlaqədar videoçarx nümayiş etdirilib. Lisey müdavimlərinin iştirakı ilə müxtəlif səhnəciklər göstərilərək bu mövzuda şeirlər səsləndirilib.