25 aprel 2024-cü il tarixdə Ordubad Tarix-Diyarşünaslıq muzeyində Rayon İcra Hakimiyyətinin və Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100-cü ildönümü ilə əlaqədar “Muxtariyyətin 100 ili” mövzusunda tədbir keçirilib. Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Araz Lütvəliyev, Yusif Məmmədəliyev adına ev muzeyinin direktoru Elvira İbrahimova və M.S.Ordubadi adına ev muzeyinin bələdçisi Münəvvər İsmayıllı çıxış ediblər. Çıxışlarda Naxçıvanın min illərə dayanan ehtişamlı keçmişi, tarixi-mədəni sərvətləri, görkəmli şəxsiyyətləri, eləcə də muxtariyyətin əsasının qoyulmasına zəmin yaradan dövrün ictimai-siyasi həyatı haqqında məlumat verilib. Moskva və Qars müqavilələrinin əhəmiyyəti, Ümummilli Liderin Hakimiyyəti illərində Naxçıvanda ərsəyə gətirilən infrasturuktur layihələri, müstəqillik illərində Naxçıvanda fəaliyyət göstərərkən Muxtar Respublikanın düşmən işğalı altına düşməməsi üçün yeritdiyi müdrik siyasət, blokadada yaşayan əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün atdığı mütərəqqi addımlar xüsusi qeyd olunub. Ölkə Prezidenti Cənab İlham Əliyev liderliyində son 20 il ərzində Respublikada həyata keçirilən islahatlar və yenidənqurma işləri barədə ətraflı məlumat verilib. Naxçıvan Muxtar Respublikasında son 100 ili əhatə edən ictimai-mədəni faəliyyət, həmçinin muzeylərin qeyd edilən dövrü əhatə edən inkişaf göstəriciləri tədbir iştirakçılarının nəzərinə çatdırılıb.