Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli növbəti səyyar qəbulu Vənənd kəndində keçirib. Qəbulda İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, müvafiq nümayəndəliyin icra nümayəndəsi və bələdiyyə sədrinin iştirakı ilə sakinlərin müraciət və təklifləri dinlənilib.
Qəbulun əvvəlində çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli 44 günlük Vətən müharibəsində yazılan şanlı Zəfərdən, lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunmasından, həmin bölgələrdə aparılan quruculuq işləri, infrastrukturun günbəgün yenilənməsindən, Böyük Qayıdış proqramının uğurla icrasından, ölkədə bütün sahələr üzrə geniş miqyaslı islahatların həyata keçirilməsindən, Azarbaycanın dünya müstəvisində yüksələn templə artan nüfuzundan bəhs edib. Növbəti tədris ili üçün Xankəndi şəhərində fəaliyyətə başlayacaq Qarabağ Universitetində keyfiyyətli tədris mühitinin yaradılması, dövrün ən prestijli ixtisaslarının burada tədrisinin nəzərdə tutulmasının elm və təhsilə olan dövlət qayğısının daha bir nümunəsi olduğunu bildirib. Ölkədaxili aparılan önəmli islahatlardan biri də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəlik institutunun yaradılması olduğunu vurğulayaraq, nümayəndəliyin vətəndaş-məmur münasibətlərinin daha sıx müstəvidə qurulması, vətəndaşların qarşılaşdıqları problemlərin həllində şəffaflığın, operativliyin artırılması, vətəndaşların istənilən dövlət qurumuna əlçatanlığının təmin olunması istiqamətində mühüm rola malik olduğunu qeyd edib. Eyni zamanda muxtar respublikda görüləcək işlərin müasir dövrün tələblərinə uyğun, sistemli şəkildə aparılması məqsədi ilə qəbul olunan “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, bu proqramın Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” haqqında kənd sakinlərinə ətraflı məlumat verərək, aparılan tikinti-quruculuq, abadlıq, bərpa işlərini, həyata keçirilən infrastruktur layihələri, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirləri, muxtar respublikamızın hərtərəfli inkişafı üçün kompleks şəkildə görüləcək işləri sadalayıb. Qeyd edib ki, bugün Bakı Ekspo Mərkəzində Yaşıl Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışı, tədbir çərçivəsində Günəş və Külək Elektrik Stansiyalarının təməlinin qoyulması, bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi beynəlxalq səviyyəli tədbirlərə ölkəmizin ev sahibliyi etməsi və bu kimi tədbirlərin Azərbaycanda keçirilməsinin davamlı xarakter alması, dövlətimizə olan ali münasibətdən, yüksək etimaddan xəbər verir.
Cənab Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixli “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamının rayonumuz üçün xüsusi önəm kəsb etdiyini, Ordubada göstərilən hədsiz qayğının ifadəsi olduğunu vurğulayan İcra Hakimiyyətinin başçısı xüsusi olaraq Ordubad rayonu ilə bağlı görüləcək işlərə də toxunanaraq Şərqin Qapısı və Türk Dünyasının birləşməsində körpü olacaq Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə rayonda geniş miqyaslı quruculuq tədbirlərinin aparılacağını, hər bir sahədə potensial imkanların genişlənəcəyini ifadə edib.
Qəbulda kənd sakinlərinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, elektrik, su, kənddaxili bir neçə yerdə yol infrastrukturunun yenilənməsi, məşğulluq və digər məsələlərlə əlaqədar müxtəlif mövzularda səsləndirilən problemlərin həlli ilə bağlı icra hakimiyyətinin müvafiq şöbələrinə, müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Sonda vətəndaşlar muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlardan və yenidənqurma işlərindən məmnun olduqlarını bildirərək ölkə başçısına təşəkkür və minnətdarlıqlarını ifadə ediblər.