BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a bu il ölkəmizin ev sahibliyi etməsi, eyni zamanda Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq və bununla bağlı Ordubad Rayon İcra Hakimiyyəti tərəfindən görüləcək işlərə dair təsdiq olunan tədbirlər planına əsasən 20 aprel tarixində Ordubad rayonunun Tivi kəndində müxtəlif növ ağac toxumlarının səpimi aparılıb.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, icra hakimiyyətinin əməkdaşları, icra nümayəndələri, bələdiyyələr, kənddə fəaliyyət göstərən digər müəssisələrin üzvləri və kənd ictimaiyyətinin birgə iştirakı ilə 2 hektar dağətəyi sahədə salınan yeni yaşıllıq zolağına ümumilikdə, 150 kiloqram olmaqla palıd qozası, alça dənəsi, ardıc, cır albalı, badam, sumax, yemişan, itburnu toxumları səpilib. Əkilən sahə suvarılıb, lazımi qulluq göstərilib.
Eyni zamanda Naxçıvan-Ordubad magistral avtomobil yolunun kənarlarında, kəndlərimizdə olan mövcud yaşıllıq sahələrində abadlıq, bərpa fəaliyyəti aparılaraq ağaclara aqrotexniki qulluq göstərilməsi işləri həyata keçirilib.
Bu səpkidə tədbirlərin davamlı olaraq keçirilməsində məqsəd ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına və yaşıllıq massivlərinin artırılması ilə təbiətin saflaşdırılmasına yönəltməkdir.