12 Noyabr - Konstitusiya Günü münasibətilə Ordubad rayonunda tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, rayonun hüquq-mühafizə orqanlarının, eləcə də idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon icra hakimiyyəti aparatının işçiləri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, bu il Konstitusiyamızın 30 illiyinin tamam olmasından, Ümummili Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və Konstitusiyanın hazırlanmasında göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. İcra başçısı qeyd edib ki, 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının qorunmasına, demokratik, hüquqi və dünyəvi dövlətin əsaslarının möhkəmlənməsinə xidmət edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir, Konstitusiyada təsbit olunan dövlətçilik prinsipləri real həyatda öz təsdiqini tapır.
Daha sonra Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Ehtibar İsmayılov, Ordubad rayon prokuroru Baş Ədliyyə müşaviri Kənan Seyidov və rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalov çıxış edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin hüquqi əsasını, xalqımızın milli iradəsini və demokratik inkişaf yolunu müəyyən edir.