Ordubad Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü münasibətilə tədbir təşkil olunub. Ordubad rayon Peşə liseyində keçirilən tədbirdə rayonun müxtəlif idarə, təşkilat və müəssisələrini təmsil edən gənclər iştirak ediblər. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fərqanə Hüseynli çıxış edərək tədbir iştirakçılarını 2 Fevral – Gənclər Günü münasibətilə təbrik edib, gənclərin ölkənin gələcəyində mühüm rol oynadığını vurğulayıb. O, ölkə rəhbərliyinin gənclərə göstərdiyi diqqət və qayğını xüsusi qeyd edərək onların potensialının düzgün istiqamətləndirilməsinin dövlət siyasətinin prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. Gənclərin milli-mənəvi dəyərlərə sahib çıxmasının, vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini qeyd edən Fərqanə Hüseynli, 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlıqdan da danışıb. Bildirilib ki, gənclərimiz Vətən uğrunda cəsarətlə döyüşərək tarixi Qələbənin qazanılmasında böyük rol oynayıblar.
Tədbirin davamında Ordubad Rayon Gənclər və İdman İdarəsinin rəisi Hacı Sadiqov və Vətən müharibəsi iştirakçısı, qazi Sahil Hacıbəyli çıxış edərək Gənclər Gününün əhəmiyyətindən bəhs ediblər. Məruzəçilər ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışaraq dövlətin gənclər siyasətinin önəmini vurğulayıblar.
Sonda təşkilatçılar tərəfindən rayonun ictimai həyatında fəallığı ilə seçilən gənclərə təşəkkürnamə və digər hədiyyələr təqdim olunub.