Ordubad rayonunda 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə tədbir keçirildi

       17 yanvar 2025-ci il tarixdə Ordubad rayonunda 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə tədbir keçirilib.  Mədəniyyət sarayında təşkil olunan tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, hüquq-mühafizə orqanlarının, rayonda yerləşən idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, icra nümayəndələri, şəhid ailə üzvləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

      Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.   

      Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli giriş nitqi ilə çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycan xalqının milli azadlıq mübarizəsində əhəmiyyətli rol oynadığını vurğulayıb. Bildirilib ki, 1990-cı il yanvarın 20-də Sovet ordusunun Bakıya daxil olması ilə törədilən qanlı cinayət xalqımızın iradəsini qıra bilmədi. Əksinə, həmin gecə Azərbaycan xalqı öz şücaəti ilə dünyaya müstəqillik və azadlıq uğrunda mübarizə aparmaq əzmində olduğunu nümayiş etdirdi. İcra başçısı, Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsindəki əvəzsiz rolunu bir daha xatırladıb. Həmçinin 20 Yanvar faciəsi zamanı yenidən qazandığımız mübarizə ruhunun 44 günlük Vətən Müharibəsi və Antiterror əməliyyatları sonrası suverenliyimizin bərpasına gedən yolda mühim mərhələ təşkil etdiyini qeyd edib. Bildirilib ki, bu qanlı hadisə milli azadlıq mübarizəsinin güclənməsinə, xalqın birləşərək müstəqillik uğrunda mübarizəyə qalxmasına və Azərbaycan xalqının milli kimliyinin və iradəsinin bərpasına ciddi təkan vermişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyində 44 günlük Vətən müharibəsində qazanılan zəfərin təməlində məhz milli birlik və azadlıq ruhu dayanır. Həmin hadisələr xalqı bir yumruq kimi birləşdirdi və sübut etdi ki, Azərbaycan xalqı öz hüquqları və torpaqları uğrunda mübarizədən çəkinmir. Bu ruh və iradə illər sonra, 2020-ci və 2023-cü illərdə, Qarabağın azadlığı uğrunda aparılan Vətən müharibəsində və Antiterror əməliyyatları zamanı özünü sübut etməyi bacardı. Ölkəmiz ərazi bütövlüyü və suverenliyini tam təmin etdi.

      Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev və tibb üzrə fəlsəfə doktoru Elmar Rzayev çıxış edərək  20 Yanvar hadisələrinin tarixi və hüquqi aspektlərinə toxunublar. Çıxışlarda bu faciənin təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəri dəyərlərə və insanlığa qarşı törədilən ağır cinayət olduğu bildirilib. Həmçinin xalqımızın nümayiş etdirdiyi həmrəylik və mübarizə ruhunun tarixi əhəmiyyət daşıdığı, 20 Yanvar hadisələrinin Azərbaycan xalqının milli azadlıq və suverenlik mübarizəsinin zirvə nöqtəsi kimi tarixə həkk olunduğu diqqətə çatdırılıb.