Ordubad rayonunda 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib

26 İyun – Silahlı Qüvvələr Günü Ordubad rayonunda müxtəlif tədbirlər ilə yadda qalıb. İlk olaraq əlamətdar gün münasibətilə rayon ərazisində yerləşən hərbi hissələrə 3 tona yaxın müxtəlif mövsümi meyvə və tərəvəzlərdən ibarət sovqatlar təqdim olunub.  

Eyni zamanda 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri Ordubad rayonunda konsert proqramı ilə çıxış edib.  Mədəniyyət Sarayında baş tutan tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ordubad rayonunu təmsil edən deputatı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, şəhid ailələrinin üzvləri, hərbiçilər, icra nümayəndələri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.   

Tədbir çərçivəsində Azərbaycan bəstəkarlarının romans və mahnılarından ibarət zəngin musiqi proqramı təqdim olunub. Konsertdə Zəfər tariximiz və vətənpərvərlik mövzularında  səsləndirilən əsərlər tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.