Ordubad rayonunda 8 noyabr – Zəfər Günü münasibətilə tədbir keçirildi

      8 noyabr – Zəfər Günü münasibətilə Ordubad rayonunda tədbir keçirilib.

     Əvvəlcə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ordubad rayonunu təmsil edən deputatları, hüquq-mühafizə orqanlarının, rayonda yerləşən idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri tərəfindən Ümummilli Lider Heydər Əliyevin Ordubad şəhərində yerləşən abidəsi Şəhidlər Xiyabanı ziyarət olunub, abidə və şəhid məzarları üzərinə gül dəstələri düzülərək xatirələri ehtiramla yad edilib, şəhidlərin ruhuna dualar oxunub.

    Mədəniyyət sarayında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Təşkil olunan tədbirdə şəhid ailələri, qazi və müharibə iştirakçıları, idarə, təşkilat və müəssisələrin əməkdaşları, ictimaiyyət nümayəndələri və rayon ziyalıları da iştirak ediblər.

     Giriş nitqi ilə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli ilk olaraq 8 noyabr – Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. İcra başçısı, ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin əhəmiyyətini qeyd edərək  müstəqilliyimizin memarı Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə formalaşan dövlətçilik ənənələrinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında daha da gücləndiyini bildirib. Çıxışda Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə şanlı ordumuzun 30 ilə yaxın müddətdə işğal altında olan torpaqları azad edərək mühüm qələbə qazandığı qeyd olunub. “Zəfər Günümüz təkcə torpaqların azadlığı deyil, ədalətin bərpası və milli qürurun təntənəsidir,” - deyə icra başçısı əlavə edib. O, bu gün azad edilmiş ərazilərdə yeni həyatın canlandığını, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və inkişaf işlərinin aparıldığını vurğulayıb. Həmçinin qələbənin Azərbaycan xalqının əzmi, ordumuzun peşəkarlığı və ölkə liderinin yüksək strateji uzaqgörənliyi nəticəsində əldə olunduğunu bildirərək nəticədə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini və ölkəmizin mövqeyinin beynəlxalq səviyyədə daha da gücləndiyini qeyd edib. Rayon İcra Hakimiyyətinin başçısı Şəhidlərin müqəddəs ruhuna dərin ehtiram ifadə edərək onların fədakarlığının heç zaman unudulmayacağını və göstərdikləri qəhrəmanlıq nümunəsinin gələcək nəsillərə örnək olacağını söyləyib. Bu günün qeyd olunmasında həlledici rol oynayan şəhidlərimizə allahdan rəhmət, qazilərə və müharibə iştirakçılarına cansağlığı arzulayıb.

      Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ramil Nəbiyev və Əndəmic kənd tam orta məktəbinin direktoru Əyyar Səfərov çıxış edərək Zəfər Gününün Azərbaycan xalqının tarixində önəmli bir dönüş nöqtəsi olduğunu qeyd ediblər. Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birlik və həmrəyliyin Azərbaycanın gücünü bütün dünyaya göstərdiyi vurğulanıb. Azərbaycanın hərb meydanında olduğu kimi, siyasi arenada da böyük uğurlar əldə etdiyi, bu qələbənin bölgədə sülh və stabilliyin təmini üçün yeni imkanlar yaratdığı bildirilib. Çıxış edənlər bu əlamətdar günün qeyd edilməsini xalqımızın həmrəylik ruhunun nümayişi kimi qiymətləndiriblər.