22 may 2024-cü il tarixdə Ordubad rayon Mədəniyyət sarayında şair-dramaturq Həsənəli Eyvazlının “Araz sahilində doğan günəş” dramı əsasında hazırlanan eyniadlı səhnə əsəri tamaşaçılara təqdim olunub. Muxtar Respublikanın 100 illiyi ilə əlaqədar səhnələşdirilən tamaşada ötən əsrin əvvəllərindən regionda, eləcə də ölkəmizdə baş verən ictimai-siyasi hadisələr, muxtariyyətin qazanılması uğrunda aparılan mübarizədən bəhs edilir. Əsərdə 1921-ci ildə bağlanmış “Moskva” və “Qars” müqavilələrinin önəmi, həmçinin Nəriman Nərimanov, Mustafa Kamal Atatürk, Behbud ağa Şahtaxtinski, İbrahim Əbilov və digər tarixi şəxsiyyətlərin fəaliyyətinə toxunulub. Naxçıvanın ermənilərə verilməsinə qarşı çıxan yerli əhalinin əzmi, vətənpərvərliyi, bu işdə naxçıvanlılara tarixi köməyini əsirgəməyən qardaş Türkiyənin hərbi-mənəvi yardımı səhnədə geniş şəkildə əks olunub. Quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov olan tamaşa Ümummilli lider Heydər Əliyevin Naxçıvanın muxtariyyəti ilə bağlı səsləndirdiyi tarixi fikirləri ilə sona çatıb. Muxtar Respublikanın tanınmış aktyorlarının rol aldığı səhnə əsəri tamaşaçılar tərəfindən maraqla izlənilib.