Naxçıvan Muxtar Respublikasında görüləcək işlərin müasir dövrün tələblərinə uyğun, hər bir sahədə paralel inkişafın təmin olunması, yeniliklərin planlı şəkildə tətbiq olunması məqsədi ilə qəbul olunan “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən prioritet sahələrdən biri də muxtar respublikada baramaçılıq və ipəkçilik ənənələrinin yenidən inkişaf etdirilməsidir. Məlumdur ki, illər əvvəl Naxçıvanda ipəkçilik kənd təsərrüfatında əhalinin əsas məşğuliyyət sahələrindən biri olub ki, bölgədə də ipəkçiliyin mərkəzi Ordubad sayılıb. Məhz, qeyd olunan dövlət proqramının Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda rayonda yenidən bu sahəyə diqqətin artırılması, bir zamanlar dünyada məşhur olan Ordubad ipəyinin istehsalının həyata keçirilməsi qarşıya qoyulan əsas vəzifələrdən biridir.
2024-cü ilin aprel ayının sonu və may ayının əvvəlindən Naxçıvan Muxtar Respublikasında baramaçılığın inkişafı məqsədilə hazırlanan pilot layihənin icrasına başlanılmışdır. Layihəyə uyğun olaraq Ordubad rayonunda da ilkin kümçülər müəyyənləşdirilmiş, kumxanalar hazırlanmış və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən ümumilikdə, 6 qutu ipəkqurdu toxumu əvəzi ödənilmədən paylanılmışdır. Belə ki, 35 gün ərzində yetişdirilən bir qutu ipək qurdundan illər sonra rekord göstərici hesab olunan 100 kiloqram barama əldə olunmuşdur. Bu uğura imza atanlardan Ordubad rayon Sabirkənd kənd sakinləri Rüstəmova Zəminə Kamil qızı, Əliyeva Gülşən Məhərrəm qızı gələcəkdə bu sahədə fəaliyyətin genişləndirilməsini məşğulluq imkanlarının artırılmasında mühüm amil hesab edirlər.