Ordubad rayonunda "Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi” mövzusunda təlim keçirilib

2025-ci il 22 may tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən "Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi" mövzusunda növbəti maarifləndirici təlim təşkil olunub. Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan təlimdə Ordubad və Culfa rayonlarında fəaliyyət göstərən müxtəlif dövlət orqanlarının əməkdaşları – dövlət qulluqçuları iştirak ediblər.

Təlimin əsas məqsədi dövlət orqanlarında vəzifələrin səmərəli idarə olunması, kadr potensialının düzgün istiqamətləndirilməsi, ehtiyat kadr siyahılarının formalaşdırılması və istifadəsi mexanizmləri, həmçinin dövlət qulluğu sahəsində tətbiq olunan müasir idarəetmə yanaşmaları barədə iştirakçılara ətraflı məlumat vermək olub.

Təlimdə Dövlət İmtahan Mərkəzinin əməkdaşları Elnur Abbasov və Akif Bayramov mövzu ətrafında təqdimatla çıxışlar ediblər.  Çıxışlarda dövlət qulluğunda vəzifələrin təsnifatı, vakant vəzifələrin tutulma qaydaları, kadr ehtiyatlarının formalaşdırılması, onların rotasiya və inkişaf imkanları kimi mühüm məsələlərdən bəhs olunub. Eyni zamanda, dövlət qulluqçularının peşəkar inkişafı, vəzifə öhdəliklərinin icrasında şəffaflıq və effektivlik kimi dəyərlər xüsusi vurğulanıb.

Təlim interaktiv şəkildə keçirilib, iştirakçıların sualları cavablandırılıb və dövlət qulluğuna dair praktiki məsələlər müzakirə olunub.