20 may 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən “Dövlət qulluğuna qəbul: nəzəri və praktik məsələlər” mövzusunda təlim təşkil olunub. Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən təlimdə Ordubad və Culfa rayonlarında fəaliyyət göstərən dövlət qurumlarında çalışan dövlət qulluqçuları iştirak ediblər.
Təlimi giriş nitqi ilə Dövlət İmtahan Mərkəzinin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin müdiri Sabir Məmmədov açıb. Daha sonra Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamentinin müdiri Nərminə Bayramova tədbirin məqsəd və əhəmiyyətindən bəhs edib. Təlimçi – Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və dövlət qulluğu məsələləri ilə bağlı iş sektorunun müdiri Ülviyyə Bədəlova tərəfindən keçirilən təqdimatda isə dövlət qulluğuna qəbul qaydaları, bu sahədə mövcud qanunvericilik, inzibati vəzifələrin tutulması prosedurları barədə ətraflı məlumat verilib.
Təlim çərçivəsində iştirakçılara dövlət qulluğuna qəbul edilmək hüququ, müxtəlif kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin tutulması, müsabiqə və müsahibə mərhələləri, vakant vəzifələrlə bağlı elanların verilməsi və müsahibənin elektron formada təsdiqlənməsi prosesi barədə geniş izah təqdim olunub. Həmçinin vəzifəyə təyinat mərhələləri, ehtiyat kadrlar institutu, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, ümumi və daxili müsahibə anlayışı, inzibati vəzifələrin tutulması üçün digər şərtlər barədə də iştirakçılar məlumatlandırılıblar.
Təlim interaktiv şəkildə keçirilib, iştirakçıların sualları cavablandırılıb və dövlət qulluğuna dair praktiki məsələlər müzakirə olunub.