18 aprel 2024-cü il tarixdə Ordubad şəhərində rayon rəhbərliyinin, tanınmış elm xadimlərinin, yerli ictimaiyyət və ziyalıların birgə iştirakı ilə Elm parkının əsası qoyulub. Tədbir iştirakçıları ilk olaraq Ümummilli Lider Heydər Əliyevin Ordubad şəhərində yerləşən büstünü ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Akademik Rəhim Rəhimovun adını daşıyan küçədə görkəmli tibb xadiminin 100 illiyinə həsr olunmuş mötəbər tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Azərbaycan Milli Elmlər Akademiyasının sədri akademik İsa Həbibbəyli, AMEA Naxçıvan Filialının sədri akademik İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Azərbaycan Tibb Universitetinin kafedra müdiri, tibb elmləri doktoru, professor Çingiz Rəhimov, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Naxçıvan Dövlət Universitetinin professoru, tibb elmləri doktoru İsa Abdullayev, Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Naxçıvan MR Ali Məclisinin deputatı, “Tusi” Xeyriyyə Cəmiyyəti İH-nin üzvü, əməkdar həkim Telman İbadov, Zərifə Əliyeva adına Azərbaycan Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun Böyük elmi işçisi Nabat Hacıyeva və digər ziyalılar iştirak ediblər. Giriş sözü ilə tədbiri açan Ordubad Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Rəhimli ölkə miqyasında yüksək zirvələr fəth etmiş, Şöhrət ordenli görkəmli alimin həyat və fəaliyyəti, eləcə də Azərbaycanda tibb elminin inkişafına verdiyi töhfələri qeyd edərək bu tədbirin ümumi mahiyyəti barədə iştirakçıları məlumatlandırıb. İcra başçısı Ordubad rayonunun hər zaman bir elm mərkəzi kimi seçildiyi, parkın salındığı ərazinin Zəngəzur dəhlizinin ilkin giriş qapısı olaraq xüsusi mövqede yerləşdiyi, gələcəkdə bu dəhlizdən səfər edən daxili və xarici qonaqlarda Elm Parkının ilkin təsəssürat kimi yaddaşlarda müsbət xarakterizə olunacağını bildirib. Akademik Rəhim Rəhimovun parkın yerləşdiyi ərazidə abidəsinin və xatirə barelyefinin qoyulması haqda işlərin getdiyi də iştirakçıların diqqətinə çatdırıldı.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 02 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafa Dair Milli prioritetlər”ə dair və 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya Naminə Həmrəylik İli” elan olunması ilə əlaqədar sərəncamlarına uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, keyfiyyətli ekoloji mühitin və yaşıl enerji məkanının yaradılması, yaşıllıqların bərpası və artırılması istiqamətində Ordubad rayonunda da mühüm işlərin görüldüyünü, Elm parkının təməlinin qoyulmasının xüsusi əhəmiyyətindən bəhs edib. İcra başçısı ilkin mərhələdə təqribən 500-ə qədər həmişəyaşıl və müxtəlif növ meyvə tinglərinin əkiləcəyi bu ərazidə, yaxın zamanda əhalinin bütün təbəqələrinin marağını təmin edəcək elmyönümlü və digər təyinatlı müxtəlif avadanlıq və qurğuların quraşdırılmasının da nəzərdə tutulduğunu qeyd edib.
Daha sonra digər ziyalılar çıxış edərək görkəmli akademikin həyat yoluna nəzər salıb, onun haqqında xatirələrini bölüşüblər. Akademikin qızı, Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun Böyük elmi işçisi Nabat Hacıyeva ailə üzvləri adından bütün tədbir iştirakçılarını salamlayıb, təşkil olunan tədbirə, eləcə də göstərilən diqqət və ehtirama görə öz minnətdarlığını bildirib. Yekunda Ordubad Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin və qonaqların birgə iştirakı ilə genişmiqyaslı ağacəkmə kampaniyası həyata keçirilib.
Qonaqlar akademik Rəhim Rəhimovun dünyaya gəldiyi və gələcəkdə “ev muzeyi” kimi istifadəsi nəzərdə tutulan yaşayış yeri ilə tanış olub, alimin həyat yoluna işıq tutan maddi-məişət və digər təyinatlı əşyalarını tanımaq fürsəti əldə ediblər. Dəyərli elm xadimlərinin, ziyalıların Ordubad şəhərinin tarixi küçə və abidələri ilə tanışlığı onlarda rayon turizmi və mədəniyyəti haqqında xoş təəssüratlar oyadıb.