Ordubad rayonunda keçirilən ağacəkmə aksiyasında 7250 ədəd ağac əkilib

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a bu il ölkəmizin ev sahibliyi etməsi, eyni zamanda Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən 2024-cü il 11 yanvar tarixində təsdiq edilən “Tədbirlər Planı”nın muxtar respublika ərazisində bir gündə 100 min ədəd tingin əkilməsini əks etdirən 6-cı bəndinə uyğun olaraq martın 16-da Ordubad rayonunda ağacəkmə aksiyası keçirilib.

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimlinin, ekologiya və təbii sərvətlər naziri vəzifələrinin icraçısı, nazir müavini Xanlar Mustafayevin, icra hakimiyyətinin əməkdaşlarının, gənclərin, rayonun idarə, müəssisə, təşkilat  və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən aksiya zamanı Naxçıvan-Ordubad magistral avtomobil yolunun kənarlarında və kəndlərimizdə yaşıllıq sahələrində abadlıq, bərpa işləri aparılıb, yeni bağlar salınıb.

Ağacəkmə aksiyasında 4000 ədədi tut, 3250 ədədi müxtəlif növ meyvə tingləri olmaqla, ümumilikdə, 7250 ədəd ağac əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

Aksiyanın keçirilməsində məqsəd ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına və yeni yaşıllıq massivlərinin salınması ilə təbiətin zənginləşdirilməsinə yönəltməkdir.