15 may 2025-ci il tarixində Ordubad rayonunda “Əməyin mühafizəsi və iş yerlərinin attestasiyası” mövzusunda maarifləndirici təlim təşkil olunub. Tədbir Ordubad Rayon İcra Hakimiyyəti və Naxçıvan Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən təlimdə İcra Hakimiyyətinin əməkdaşları, inzibati ərazi nümayəndəliklərinin təmsilçiləri, eləcə də müxtəlif idarə, təşkilat və müəssisələrin nümayəndələri iştirak ediblər.
İlk olaraq Ordubad Rayon İcra Hakimiyyəti başçısı aparatında Sənədlərlə və vətəndaşların müraciətləri üzrə iş şöbəsinin müdiri Rafiq Bayramov və Naxçıvan Təlim Mərkəzi PHŞ-nin əməkdaşı Turqay Babayev mövzu ətrafinda çıxış ediblər. Daha sonra Əməyin Mühafizəsi Mərkəzi PHŞ-nin Naxçıvan filialının müdiri Ruslan Ələkbərov tərəfindən təqdimatla çıxış edilib. Təqdimat zamanı iştirakçılara mövzu ilə bağlı slaydlar nümayiş olunub. Əmək mühafizəsi sahəsində mövcud qanunvericilik bazası, beynəlxalq konvensiyalar, hüquqi məsuliyyət, işəgötürən və işçilərin vəzifələri, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması yolları və digər məsələlərə geniş şəkildə izah verilib.
Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.