06 noyabr 2024-cü il tarixdə Ordubad rayonunda “Uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyət”lə bağlı Ordubad Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və rayonda yerləşən müvafiq qurumların iştirakı ilə maarifləndirici seminar təşkil olunub.
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi çərçivəsində keçirilən seminarda Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Abbas Məmmədli, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova, Ordubad Rayon Təhsil Şöbəsinin əməkdaşı Ülviyyə Əliyeva və “Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti”nin Culfa Regional Mərkəzinin sanitar-həkimi Təranə Fərzəndova çıxış edərək uşaq müəssislərində sanitar-gigiyenik vəziyyətin daim nəzarətdə saxlanmasının əhəmiyyətini qeyd ediblər. Çıxışlar zamanı uşaq sağlamlığının qorunmasının dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biri olduğu, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinin pozulmasına görə məsul olan şəxslərin hüquqi məsuliyyət daşıdıqları diqqətə çatdırılıb.
Ordubad rayonunda fəaliyyət göstərən dövlət uşaq müəssisələrinin sanitar-gigiyenik vəziyyətə məsul şəxslərinin iştirak etdiyi tədbir diskussiya xarakterli olub, iştirakçıların sualları cavablandırılıb.
23 nəfərin yararlandığı seminarın sonunda iştirakçılara mövzu ilə bağlı broşürlər paylanılıb.