Ordubad rayonunda “Müstəqilliyimiz əbədi, inkişaf isə məqsədimizdir!” mövzusunda tədbir keçirilib

     Ordubad rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Müstəqilliyimiz əbədi, inkişaf isə məqsədimizdir!” mövzusunda tədbir keçirilib. İlk olaraq Ulu Öndər Heydər Əliyevin Ordubad şəhərində yerləşən abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Ordubad rayon Mədəniyyət Sarayında təşkil olunan tədbirdə Ordubad Rayon Icra Hakimiyyəti başçısının birinci müavini Elvin Məmmədov, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı Faiq Səfərov, Naxçıvan Dövlət Universitetinin əməkdaşı İsmayıl Qəribli, Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Təsisatının əməkdaşı Həsən Həsənov, Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov, rayonun idarə, təşkilat və müəssisələrinin əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

     Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sükutun ardınca Ordubad Rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Elvin Məmmədov giriş sözü ilə tədbiri açaraq iştirakçıları salamlayıb və ölkə Prezidenti cənab İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsinin əhəmiyyətindən danışıb.

   Daha sonra tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı Faiq Səfərov, Naxçıvan Dövlət Universitetinin əməkdaşı İsmayıl Qəribli, Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Təsisatının əməkdaşı Həsən Həsənov və Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov Konstitusiyanın hüquqi dövlət quruculuğunda rolu, insan hüquqlarının təmin olunması və Azərbaycanın müstəqillik illərində keçdiyi inkişaf yoluna dair məruzələrlə çıxış ediblər.

     Tədbirin sonunda mövzu ilə əlaqədar olaraq qısametrajlı sənədli film nümayiş etdirilib.