Ordubad rayonunda “Muxtariyyətin uşaqları – 100” mövzusunda tədbir keçirilib

       24 may 2024-cü il tarixdə Ordubad rayon Mədəniyyət Sarayında Ordubad Rayon İcra Hakimiyyəti və  Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi və 01 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Muxtariyyətin uşaqları­­­­­­­­­­­ – 100” mövzusunda tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

        Tədbiri giriş sözü ilə açan Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən bəhs edib, dahi şəxsiyyət tərəfindən imzalanan fərmanla  “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulunun önəmini vurğulayıb. Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin uşaq dövlət siyasəti ilə bağlı müxtəlif illəri əhətə edən silsilə fərman və sərəncamlarının uşaq hüquqlarının qorunmasında müstəsna əhəmiyyətə malik olduğunu qeyd edib. Uşaqlara, xüsusilə, həssas təbəqədən olan şəxslərə münasibətdə Heydər Əliyev Fondunun, Birinci vitse-Prezident  Mehriban xanım Əliyevanın bu sahədəki yorulmaz  fəaliyyəti dinləyicilərin diqqətinə çatdırıb. Həmçinin rayon ərazisində uşaq hüquqlarının qorunması istiqamətində dövlətin həyata keçirdiyi siyasətin uğurla davam etdirildiyini vurğulayıb.

Sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək cəmiyyətin gələcək inkişafının əsasını təşkil edən uşaqlara diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edərək Muxtar Respublikada uşaqların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafının təmin edilməsi məqsədilə Dövlət proqramlarının qəbul olunması və bu sahədə atılan addımlardan geniş şəkildə bəhs edib.

Uşaqlar adından Ordubad rayonu üzrə təhsil sahəsində ən yüksək göstəriciyə nail olan Gənzə kənd tam orta məktəbin 11-ci sinif şagirdi Yaqub Rzayev çıxış edib. Məktəbli öz çıxışında əlamətdar gün münasibətilə bütün uşaqları təbrik edərək, dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

          Çıxışlardan sonra təşkilatçılar tərəfindən 2023-2024-cü tədris ilində Ordubad rayonunda təhsil, incəsənət və idman sahələri üzrə fərqlənən uşaqlara hədiyyələr təqdim olunub. Bədii hissədə  Ordubad rayon Uşaq Musiqi məktəbi və orta məktəb şagirdlərinin, eləcə də Körpələr Evi - Uşaq Bağçasının uşaqlarının ifasında vətənpərvər ruhda şeir, mahnı və rəqs nömrələri nümayiş olunub. Tədbir uşaqlar tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.