21 mart 2024-cü il tarixdə Ordubad rayonunda xalqımızın milli-mənəvi dəyərlərini, adət-ənənələrini özündə yaşadan, qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə təntənəli bayram keçirilib. Bayram tədbirində Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, icra hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri, gənclər və rayona təşrif buyurmuş qonaqlar iştirak ediblər.
Ordubad rayonunun məktəbdənkənar müəssisələrinin dərnəkləri tərəfindən hazırlanmış əl işləri, xonçalar, səmənilərlə bəzədilmiş meydanda təşkil olunan Bayram şənliyində Novruz adətinə uyğun olaraq Dədə Qorqud və bahar qızı hər kəsi salamlayıb, xeyir-dua verərək, Novruz bayramının xalqımıza uğur, bol ruzi-bərəkət, sülh və əmin-amanlıq gətirməsini arzulayıb, bayram tonqalı yandırılıb. Ordubadda qədim “Novruz” adət-ənənələrinin əsas atributu olan “Xan” və Novruzun personajları Keçəl, Kosa şənliyə gələrək söhbətləri ilə əsl bayram abu havası bəxş ediblər. Rayon Mədəniyyət İdarəsinin tabeliyindəki folklor və rəqs qruplarının, solistlərinin ifasında rəngarəng və maraqlı rəqs, musiqi və folklor nümunələri, Rayon Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman məktəbinini gimnasları və idmançıları tərəfindən xüsusi nömrələr nümayiş olunub.