10 yanvar 2024-cü il tarixdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli 1992-ci ildə Xorxat yüksəkliyində şəhidlik zirvəsinə ucalmış Sadiqov Qafil Orucqulu oğlunun anadan olmasının ildönümü ilə əlaqədar olaraq Ordubad şəhər Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib. Tədbirdə şəhidin anadan olduğu Gənzə kəndinin məktəb kollektivi, şəhidin yaxın qohumları, rayonda fəaliyyət göstərən qurumların əməkdaşları iştirak edib.
Tədbirdə çıxış edən Rəcəb Rəhimli Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin hər zaman uca tutulduğunu qeyd edərək cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin öndərliyində qəhrəman zabit və əsgərlərimizin döyüş rəşadətindən, 44 günlük Vətən müharibəsindən, 24 saat tamam olmadan qələbə ilə suverenliyimizin tam bərpa olunduğu antiterror əməliyyatından bəhs edib.
Tədbirin sonunda İcra Hakimiyyəti başçısı tərəfindən şəhidin yaxın qohumları ilə görüş keçirilib, mənəvi dəstək ifadə olunub. Şəhidin yaxınları tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edilib.