10 may 1994-cü il tarixdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlər zamanı Ağdam rayonunda şəhidlik zirvəsinə ucalan Quliyev Azər Məhərrəm oğlunun doğum günü ilə əlaqədar Dırnıs kəndində tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini, İcra Hakimiyyətinin, Polis şöbəsinin, Səfərbərlik Xidmətinin, Sosial Xidmətlər Agentliyinin, Dırnıs kəndində fəaliyyət göstərən müəssisələrin əməkdaşları, şəhid ailələri, Dırnıs kənd tam orta məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Dırnıs kənd Şəhidlər Xiyabanında şəhidimizin məzarı ziyarət olunub, məzarının üzərinə gül dəstələri düzülüb. Tədbirdə şəhidimizin həyatı və döyüş yolu haqqında iştirakçılara məlumat verilib, çıxışlar dinlənilib, ruhuna dualar oxunub.
Çıxışlarda ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin qorunması, suverenliyimizin bərpa olunması uğrunda canlarından keçən qəhrəman Azərbaycan övladlarının xatirəsinin daim ehtiramla yad edildiyi, həmçinin, cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığı əsasında bütün bölgələrdə şəhid ailələri və müharibə iştirakçılarına qarşı böyük diqqətin nümayiş etdirildiyi qeyd olunub.
Şəhid ailələri göstərilən diqqət və qayğıya, hörmət və ehtirama görə təşəkkür ediblər.
Tədbirin sonunda məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr olunan şeirlər səsləndirilib.