Şəhid adının əbədiləşdirilməsi, şəhidlərin xatirəsinin daim uca tutulması məqsədilə Ordubad rayonunun Tivi kəndində Memorial abidə kompleksinin açılış mərasimi keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Ceyhun Cəlilov, müvafiq qurumların əməkdaşları, şəhid ailələri, kənd icması və məktəb kollektivi iştirak edib.
Abidənin önünə gül dəstələri qoyulub, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxışında bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə diqqət və qayğısı respublikanın bütün bölgələrində geniş vüsət alıb. Şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, rifah halının daim diqqətdə saxlanılması, müharibə iştirakçılarının müraciətlərinə mütəmadi, növbədənkənar baxılması və həll olunması dövlətimizin əsas prioritetlərindəndir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuz 44 gün ərzində işğal altında olan torpaqlarımızı azad etmiş, antiterror əməliyyatı ilə 24 saat tamam olmadan Azərbaycan torpaqlarını işğalçı, qanunsuz erməni silahlı dəstələrindən tamamilə təmizləmişdir. O cümlədən, şanlı qələbənin qazanılması ilə birlikdə Zəngəzur Dəhlizinin reallığa çevrilməsi Naxçıvan Muxtar Resublikasının, eləcə də, Ordubad rayonunun çoxistiqamətli inkişafına öz töhfələrini verməkdədir. Bu inkişaf meyarlarının dərindən öyrənilməsi və bu sahələrdə tətbiq olunacaq layihələr rayonun sosial-iqtisadi, mədəni həyatına müsbət töhfələr verərək birbaşa vətəndaşların fəaliyyətlərinin tənzimlənməsinə, onların rifah halının yaxşılaşdırılmasına xidmət edəcəkdir. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Narzan” bulağının yenidənbərpa olunmasına toxunan Rəcəb Rəhimli Ordubad rayonunun potensial inkişaf resurları barədə də məlumat verib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Ceyhun Cəlilov çıxışında ölkədə aparılan islahatlardan bəhs edib. O cümlədən, Naxçıvan Muxtar Respublikasında şəhid ailələri və müharibə iştirakçılarının sosial rifahlarının daim diqqətdə olduğunu qeyd edib. Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrundan canlarından keçən qəhrəman şəhidlərimizin ailələri və müharibə zamanı sağlamlığını itirmiş müharibə iştirakçılarının növbədənkənar qəbulunun həyata keçirilməsi, bölgələrdə müntəzəm olaraq görüşlərin keçirilməsi sosial xidmətlərin keyfiyyətini daha da artırır, bu qəbildən olan vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırılması və ümumi əhaliyə tətbiq edilən sosial xidmətlər Muxtar Respublikada həyata keçirilən islahatlara öz töhfəsini verir.
Tivi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndə Hüseynağa Həsənov, Vətən müharibəsi şəhidi Budaqov Rufizin atası Şirzad Budaqov, Tivi kənd tam orta məktəbinin direktoru Nəsimi Sultanov və kənd ağsaqqalı Aydın Hüseynov çıxış edərək Azərbaycan Respublikasının çoxəsrlik tarixində misli görülməmiş Zəfər tariximiz haqqında geniş məlumat veriblər.
Sonda Tivi kənd tam orta məktəbin kollektivi tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən dinlənilmişdir.