Noyabr ayının 17-də Şəhid adının əbədiləşdirilməsi, şəhidlərin xatirəsinin daim uca tutulması məqsədilə Ordubad rayonunun Bist kəndində “Şəhidlər Guşəsi”nin açılış tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, rayonun idarə və təşkilatlarının rəhbər işçiləri, şəhid ailələri, müharibə iştirakçıları, kənd sakinləri və məktəb kollektivi iştirak edib.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxışında qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yürüdülmüş uzunmüddətli və çoxşaxəli siyasətin nəticəsi idi ki, respublikamızda ordu quruculuğu müasir formada inkişaf etdirilmiş, orduda yeni təminat bazası formalaşdırılmış, hərbi sənayenin inkişafı əsas amillərdən birinə çevrilmişdir. Bununla da Müzəffər Ordumuz 30 ildən artıq mənfur düşmən tapdağı altında olan torpaqlarımızın suverenliyini 44 günlük Vətən müharibəsi və 24 saat tamam olmadan uğurla başa çatan lokal antiterror əməliyyatları ilə tamamilə bərpa etdi. Bu ilin 8 Noyabr tarixində Vətən müharibəsində əldə olunan zəfərin üçüncü il dönümünə həsr olunan möhtəşəm hərbi parad Ali Baş Komandanın iştirakı ilə Xankəndi şəhərində keçirildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı canından keçən şəhidlərimizin xatirəsinin hər zaman böyük ehtiramla yad olunacağını bildirən Rəcəb Rəhimli ölkə başçısının şəhid ailələrinə və müharibə iştirakçılarına olan diqqət və qayğısının respublikanın bütün bölgələrində geniş vüsət aldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. İcra Hakimiyyətinin başçısı çıxışının sonunda tədbir iştirakçılarını “17 Noyabr Milli Dirçəliş Günü” münasibətilə təbrik edib.
Tədbirdə təqaüdçü müəllim Balayev Teymur Bəylər oğlunun, şəhid Balabəyli Elcanın atası Vasif Balayevin, şəhid Zeynalov Elnurun qardaşı Ruslan Zeynalovun, şəhid Hüseynov Ülvinin atası Məhsun Hüseynovun, şəhid Hüseynov Ülvinin anası Ülkər Hüseynovanın, şəhid Budaqov Rufizin atası Şirzad Budaqovun, Şəhid Elcan Balabəylinin qardaşı Elçin Balabəylinin çıxışları dinlənilmişdir. Şəhid ailələri Azərbaycanın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların daim ehtiramla yad edilməsinə görə minnətdarlıq edərək Zəfər tariximiz haqqında geniş məlumat veriblər.
Bist kənd tam orta məktəbin kollektivi tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən dinlənilib.
Sonda rayonun din xadimi tərəfindən şəhidlərin ruhuna dualar tilavət olunub.