24 sentyabr 2024-cü il tarixdə Ordubad şəhərində “Səyyar Gənclər Xidməti" layihəsinin növbəti tədbiri keçirilib. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli giriş nitqi ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti haqqında ətraflı söhbət açıb. Həmçinin gənclərin bu gün asudə vaxtlarının səmərəli təşkili və məşğulluq problemlərinin aradan qaldırılması istiqamətində həyata keçirilən işlər haqqında məlumat verib. Azərbaycanda son illər ərzində gənclərin dövlət orqanlarında irəli çəkilməsi və rəhbər vəzifələrə təyin olunmasının Dövlət başçısı tərəfindən gənclərə göstərilən etimadın əyani nümunəsi olduğu bildirilib. 44 günlük İkinci Qarabağ müharibəsi və Antiterror əməliyyatında vətənpərvər gənclərin xüsusi qəhrəmanlıq göstərərək adlarını tarixə əbədi yazdıqları minnətdarlıqla xatırlanıb. Fərqanə Hüseynli bu gün münasibətilə bir daha gəncləri təbrik edərək "Səyyar Gənclər Xidməti" layihəsinin fəaliyyətinə uğurlar arzulayıb.
Daha sonra Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun İcraçı direktoru Arzu Qasımov və müharibə iştirakçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən müxtəlif medallar ilə təltif olunan Bəhrəm Hüseynov çıxış edərək layihənin əhəmiyyətini vurğulayıblar. Ölkədə gənclər sahəsində həyata keçirilən geniş dövlət proqramları və layihələr haqqında məlumat veriblər.
Tədbir Ordubad gənclərinin ifasında rəngarəng konsert proqramı ilə davam edib.
Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən layihə çərçivəsində gənclər fərqli mövzularda təlimlərdə də iştirak ediblər. Ordubad gəncləri üçün müxtəlif mövzular üzrə sessiyalar, oyunlar, yarışlar, əyləncə proqramları təşkil edilib.
Sonda iştirakçı gənclərə müxtəlif hədiyyələr təqdim edilib.