06 yanvar 2024-cü il tarixdə Təcili Tibbi Yardım Xidmətinin Sabirkənd kənd Ailə Sağlamlıq Mərkəzi üzrə yaradılan yeni geolokasiyası istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Naziri Samiq Sadıxov, müvafiq dövlət qurumlarının nümayəndələri, səhiyyə işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan genişmiqyaslı islahatların əhəmiyyətini vurğulayıb. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institunun yaradılmasından sonra müxtəlif sahələrdə əldə olunan nailiyyətləri diqqətə çatdıran icra başçısı, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində səhiyyə infrastrukturunun müasirləşdirilməsi və kadr hazırlığının keyfiyyətinin artırılması istiqamətində müvafiq addımların atılmasının nəzərdə tutulduğunu qeyd edib.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə Naziri Samiq Sadıxov öz çıxışında yaradılan bu yeni geolokasiyanın təcili tibbi yardım xidmətlərinin daha operativ şəkildə göstərilməsinə töhfə verəcəyini diqqətə çatdırıb. Eləcə də bölgədə fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının daha da gücləndirilməsi istiqamətində işlərin davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, bu geolokasiya ilkin olaraq Sabirkənd, Baş Dizə, Aza, Azadkənd, Darkənd, Qoşadizə, Kələntər Dizə, Gilançay, Biləv, Behrud, Parağa, Tivi, Nəzirvaz, Xurs, Nürgüt, Ələhi və Bist kəndlərindən olan sakinlərə təcili tibbi yardım xidmətləri göstərəcək. Yaxın gələcəkdə müvafiq ərazi üzrə daha bir neçə geolokasiyanın istifadəyə veriləcəyi nəzərdə tutulub.