Ordubad rayonunda Ulu Öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar “Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir müstəqil Azərbaycanın banisi” mövzusunda ümumrayon tədbiri keçirilib. Tədbirdə rayon ictimaiyyəti, ziyalılar və gənclər iştirak edib.
Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin Ordubad şəhərinin mərkəzində ucaldılan büstünü ziyarət edib, büstün önünə tər çiçəklər düzərək ehtiramlarını ifadə ediblər.
Rayon Mədəniyyət Sarayında davam edən tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək bildirib ki, XX əsrin ən böyük şəxsiyyətlərindən, görkəmli siyasi xadimlərindən biri olan ümummilli liderimiz Heydər Əliyevin adı Azərbaycanın müstəqillik tarixi ilə qoşa çəkilir. Müasir tariximizin hər bir səhifəsi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Özünün məqsədyönlü, yorulmaq bilmədən göstərdiyi siyasi fəaliyyəti ilə hələ sovetlər dönəmində Azərbaycanı geridə qalmış aqrar ölkədən inkişaf etmiş, çiçəklənən bir diyara çevirdi. O həm də tarixi bir şəxsiyyət kimi müasir Azərbaycan Respublikasının banisi, xilaskarı və qurucusu oldu.
Rəcəb Rəhimli vurğulayıb ki, unudulmaz Lider Azərbaycana rəhbərlik etdiyi müddətdə uzaqgörən daxili və xarici siyasəti, parlaq dühası ilə Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxarıb, uğurlu addımlar atıb, ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirib. Ən əsası işğal altında olan torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası üçün ehtiyac duyulan güclü ordunun təməlini məhz o dövrdə atıb. Bütün bunlar Heydər Əliyev ideyalarının təntənəsi, onun əməllərinin həyata keçməsi sayəsində mümkün olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədən söhbət açan İcra Hakimiyyətinin başçısı qeyd edib ki, dahi öndərin arzu və istəklərini realllığa çevirən Ali Baş Komandan İlham Əliyev xalqına böyük zəfər qazandırıb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa edilib. Azərbaycanı sürətlə inkişaf etdirərək, onu bölgənin lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli dövlətə çevirib. Heç şübhəsiz ki, Azərbaycan xalqı 2024-cü ilin fevral ayında keçiriləcək növbədənkənar Prezident seçkilərində Ulu Öndər Heydər Əliyev siyasətinə, dəsti-xəttinə dəstək olacaq.
Tədbirdə daha sonra Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Ehtibar İsmayılovun, Azərbaycan Respublikasının Əməkdar müəllimi Səkinə Tağıyevanın çıxışları dinlənilib.
Çıxış edənlər Ulu Öndərin ömür yolundan, siyasi hakimiyyətdə olduğu illərdə gördüyü işlərindən, Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışıblar. Müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyətin Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs ediblər.