08 avqust 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar olaraq “Təbliğat-100” layihəsi çərçivəsində Ordubad Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin birgə təşkilatçılığı ilə “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda tədbir keçirilib.
Ordubad rayonunda fəaliyyət göstərən müxtəlif sahibkarlıq subyektlərinin təmsil olunduğu tədbiri Ordubad Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Emin Mehbalıyev giriş sözü ilə açaraq mövzunun əhəmiyyətindən bəhs edib. Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Gülər Əhmədova mövzu ilə bağlı ətraflı çıxış edib. Tədbir zamanı bu sahədə müvafiq qanunvericiliyin əks olunduğu təqdimat da nümayiş etdirilib. Təqdimat zamanı “uşaq əməyi”, “normativ hüquqi tənzimləmələr”, “uşaq əməyindən istifadənin hüquqi məsuliyyəti”, “uşaq əməyindən istifadənin qarşısının alınması sahəsində beynəlxalq hüquqi sənədlər” və s. məlumatlar dinləyicilərin nəzərinə çatdırılıb.
Tədbirin davamında iştirakçıları maraqlandıran suallar məsul şəxslər tərəfindən cavablandırılıb.