Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən birgə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında vətəndaşların seçki hüququnun konstitusion əsasları ilə bağlı tədbirlər keçirilir.
Parlament seçkilərinə həsr olunmuş növbəti tədbir avqustun 26-da Ordubad rayonunda keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası və Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşları, seçki məntəqələrinin məsul şəxsləri və gənc seçicilər iştirak edib.
Tədbiri giriş nitqi ilə Ordubad Rayon İcra Hakimiyyəti aparatında Hüquq şöbəsinin müdiri Emin Mehbalıyev açaraq mövzunun əhəmiyyətindən bəhs edib. Müvəkkil aparatının şöbə müdiri Asiman Abbasov vətəndaşların seçki hüququnun normativ-hüquqi bazasının təkmilləşdirilməsi, seçkilərin hüquqi, demokratik dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmini və milli qanunvericiliyin inkişafı prinsiplərinə uyğun həyata keçirilməsi barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbirin davamında Ombudsman aparatı tərəfindən hazırlanmış "Azərbaycan parlamenti müstəqillik illərində" adlı videoçarx nümayiş olunub, "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda təqdimat verilib, ilk dəfə seçki hüququndan istifadə edən gənclərə "Mənim seçki hüququm" adlı bukletlər paylanılıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.