Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin çağdaş dövrün tələblərinə uyğun olaraq yerlərdə vətəndaş müraciətlərinə kompleks baxılması, onların dövlət orqanlarına olan inamının artırılması, vətəndaş-məmur münasibətlərinin daha sıx müstəvidə qurulması ilə bağlı tapşırıq və tövsiyyələrinə uyğun olaraq və bu istiqamətdə dövlət siyasətini əsas tutaraq Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli növbəti dəfə Yuxarı Əndəmic və Aşağı Əndəmic kəndlərinin sakinləri ilə səyyar qəbul keçirib. Qəbulda icra hakimiyyətinin məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, müvafiq kəndlərin icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə vətəndaşların müraciət və təklifləri dinlənilib.
Cənab Prezidentin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətləri, ümumilikdə fəaliyyəti barədə ətaraflı məlumat verən icra hakimiyyətinin başçısı qarşıdan gələn 2024-cü ilin növbədənkənar Prezident seçkilərinin başlaması ilə xalqımız və dövlətimiz üçün çox məsuliyyətli və uğurlu il olacağını bildirib. Bunun həm də Zəfər seçkiləri olaraq Azərbaycanın bütün suveren ərazisində müstəqillik əldə etdikdən sonra ilk dəfə keçirilməsinin önəmini, rayon əhalisinin də vətəndaş həmrəyliyi göstərərək seçkilərdə fəal iştirakının vacibliyini səsləndirib. Sonra 44 günlük Vətən müharibəsi və bir günlük lokal antiterror tədbirləri ilə Azərbaycanın hərbi-siyasi yolla işğal faktına son qoyması, tarixi ədaləti və özünün ərazi bütövlüyünü təmin etməsi ilə Qalib dövlətin regionda yaratdığı yeni reallıqlardan bəhs etmişdir. Həmçinin bu ilin 21 dekabr tarixində Xankəndi stadionunda cənab Prezidentin, Birinci vitse-prezidentin, azərbaycanlı azarkeşlərin, qəhrəman şəhidlərimizin ailə üzvlərinin və övladlarının iştirakı ilə keçirilən futbol oyununun tarixi bir hadisə olduğunu bildirmişdir. Qeyd etmişdir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzundan xəbər verir.
Rəcəb Rəhimli sakinlərlə görüşündə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın məqsədi və prioritet istiqamətləri, bu proqramın Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nın uğurlu icrasına başlanılmasından bəhs etmişdir. Ordubad şəhərinin baş planın hazırlanmasını, qarşıdakı illərdə rayonda böyük infrastruktur layihələrin həyata keçiriləcəyini, xüsusilə, tarixi abidələrin, məhəllələrin bərpası ilə turizm imkanlarının genişləndirilməsi, yüngül sənaye müəssisələrinin yaradılacağını və dünya gündəmində olan Zəngəzur dəhlizinin reallaşması ilə muxtar respublikaya ilk giriş qapısı olan Ordubad rayonunun sürətlə inkişaf edəcəyini vurğulamışdır.
Görüş zamanı kənd sakinləri yaşam səviyyələrinin yüksəldilməsi, sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, mövsümi çətinliklərinin aradan qaldırılması və fərqli sahələrdə yarana biləcək problemlərinin həlli istiqamətində müraciət və təkliflərlərini səsləndiriblər. Sakinləri narahat edən gündəlik məsələlərin, təklif və müraciətlərin həlli üçün məsul şəxslərə, müvafiq təşkilat rəhbərlərinə tapşırıqlar verilib, araşdırma tələb edən məsələlər araşdırılması üçün qeydiyyata alınıb. Vətəndaşlar Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin onların qarşılaşdıqları problemlərin həllinə obyektiv və operativ yanaşmalarına görə razılıqlarını bildirmişlər.