21 oktyabr tarixdə 2024-cü ilin ölkəmizdə "Yaşıl Dünya Naminə Həmrəylik İli" elan olunması və COP29 tədbirləri çərçivəsində Ordubad rayonunda növbəti ağacəkmə aksiyası təşkil edilib.
Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan və 18 oktyabr tarixindən 27 oktyabradək ardıcıl olaraq davam edəcək aksiyada, idarə, müəssisə və təşkilat kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Ağacəkmə tədbirləri zamanı Ordubad-Naxçıvan magistral yolunun kənarında yeni tinglər əkilib, ərazidə olan alaq otları biçilib, ağaclara və çoxillik gül kollarına aqrotexniki qaydada qulluq göstərilib. Aksiyada iştirakçıların yüksək fəallığı müşahidə olunub.
Qeyd edək ki, ekoloji tarazlığın bərpası, yaşıl mühitin və insan sağlamlığının qorunması, həmçinin gələcək nəsillərə sağlam təbii irsin ötürülməsi məqsədilə görülən tədbirlər davamlı olaraq həyata keçirilməkdədir.