Ordubad rayonunda yaşıllıqların mühafizəsi işləri çərçivəsində növbəti tədbirlər həyata keçirilib

     2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunması və ölkəmizdə keçiriləcək COP29 tədbirləri çərçivəsində Ordubad rayonunda ətraf mühitin qorunması və yaşıllıqların mühafizəsi məqsədilə növbəti abadlıq işləri həyata keçirilib. 12 oktyabr 2024-cü il tarixində keçirilən tədbirlərdə rayon ərazisindəki park və bağlarda genişmiqyaslı təmizlik və abadlıq işləri aparılıb. Alaq otları biçilib, quru budaqlar kəsilib, ağac və çoxillik gül kollarına aqrotexniki qaydalar əsasında qulluq göstərilib.

     Ekoloji təhlükəsizliyin təmin olunması və yaşıllıqların qorunması məqsədilə aparılan abadlıq işləri zamanı park və bağlar suvarılıb, tullantılar təmizlənib. Bu tədbirlərdə rayon idarələri, müəssisələri və təşkilatları, eləcə də yerli ictimaiyyətin nümayəndələri yüksək fəallıq nümayiş etdiriblər. Qeyd edək ki, Ordubad rayonu ərazisində təbiətin qorunması və ekoloji balansın saxlanılması üçün görülən işlər mütəmadi olaraq davam etdirilir.