4 iyun 2025-ci il tarixində Ordubad Rayon İcra Hakimiyyətində “Yay mövsümü dövründə yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbir Ordubad Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin müvafiq vəzifəli şəxsləri, inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Tədbirin əsas məqsədi yay mövsümündə, xüsusilə taxıl biçini və tədarükü dövründə əkin, otlaq sahələri və meşəlik ərazilərdə baş verə biləcək yanğınların qarşısının alınması və bu istiqamətdə qabaqlayıcı tədbirlərin gücləndirilməsi olub.
Seminar-müşavirədə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Tofiq Babayev, Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların Xəbərdar Edilməsi Şöbəsinin rəisi Mirtaleh Seyidov, Kənd Təsərrüfatı Nazirliyinin Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Vüsal Mirzəyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zəngəzur Milli Parkının böyük elmi işçisi Samir Quliyev mövzu ətrafında çıxış ediblər.
Çıxışlarda yay mövsümündə baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması, əhalinin bu sahədə maarifləndirilməsi, meşə və meşəətrafı ərazilərdə yanğınların başvermə səbəbləri və onların nəticələrinin aradan qaldırılması yolları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, həm ehtiyatsızlıqdan, həm də qəsdən təbiətə ziyan vurulmasının qarşısı alınmalı, riskli dövrlərdə xüsusi nəzarət tədbirləri gücləndirilməlidir. Vurğulanıb ki, vətəndaşlar meşə və meşəətrafı ərazilərdə odla ehtiyatlı davranmalı, quru otların və sahə qalıqlarının yandırılmasına yol verilməməlidir.
Sonda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğın təhlükəsizliyi mövzusunda videoçarx nümayiş etdirilib və iştirakçılara maarifləndirici təbliğat materialları təqdim olunub