21 noyabr 2024-cü il tarixdə Ordubad rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib. İlk olaraq tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Ordubad şəhərinin mərkəzində ucaldılan büstünü ziyarət edib, abidənin önünə tər çiçəklər düzərək ehtiramlarını ifadə ediblər.
Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunan tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Ehtibar İsmayılov, Ordubad Rayon İcra Hakimiyyətinin kollektivi, rayonda yerləşən idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, icra nümayəndələri, Yeni Azərbaycan Partiyasının fəalları, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. İştirakçılara Yeni Azərbaycan Partiyasının yaranması ilə əlaqədar videoçarx nümayiş olunub.
Giriş sözü ilə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü münasibətilə təbrik edərək partiyanın yaranma tarixi, inkişaf mərhələləri və müasir dövrdəki uğurları haqqında ətraflı məlumat verib, bu əlamətdar tarixin Azərbaycanın siyasi tarixində dönüş nöqtəsi olduğunu qeyd edib. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında Yeni Azərbaycan Partiyasının təsis olunmasından keçən qısa müddət ərzində Azərbaycanın siyasi səhnəsində liderlik mövqeyi qazandığını bildirib. Partiyanın təkcə siyasi fəaliyyətlə kifayətlənmədiyini, həm də milli ideologiyanın formalaşmasına, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə mühim töhfələr verdiyini diqqətə çatdırıb.
İcra başçısının çıxışında Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində milli maraqlara söykənən və xalqın rifahını təmin etməyə yönəlmiş strateji hədəflərin uğurla həyata keçirildiyi qeyd olunub. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın öz fəaliyyətində həm daxili sabitliyin möhkəmləndirilməsi, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artırılması istiqamətində mühim nailiyyətlər əldə etdiyi bildirilib.
Daha sonra Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Ehtibar İsmayılov çıxış edərək partiyanın tarixi əhəmiyyətindən, əldə etdiyi uğurlardan bəhs edib. Qeyd olunub ki, bu gün Yeni Azərbaycan Partiyası, ölkənin ən güclü siyasi qüvvəsi kimi fəaliyyətini davam etdirir və dövlətçiliyin möhkəmləndirilməsində milli maraqlara əsaslanaraq mühim töhfələr verir. Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri tarixi qələbəmizdə Yeni Azərbaycan Partiyasının ideoloji istiqamətdə apardığı fəaliyyətin önəmini xüsusi qeyd edib. Daha sonra mövzu ətrafında Əməkdar müəllim Könül İsmayılovanın, Dəstə kənd Yeni Azərbaycan Partiyası ərazi Partiya Təşkilatının sədri Tofiq Babayevin və digər üzvlərin çıxışları dinlənilib.