Ordubad rayonundan olan atlet Əmrah Nağıyev ölkə çempionu olub

     Atlet Əmrah Nağıyev daha bir uğura imza atıb. 31 yanvar – 01 fevral tarixlərində atletika üzrə keçirilən ölkə çempionatda Naxçıvan Muxtar Respublikasını təmsil edən Əmrah Nağıyev 3000 metr məsafəyə qaçış yarışında qızıl medal qazanıb.

      Bakı Atletika Mərkəzində 2 gün davam edən yarışda Bakı, Gəncə, Naxçıvan, Bərdə, Astara, İsmayıllı, Gədəbəy və Xızını təmsil edən 130 atlet mübarizə aparıb.  Finişə rəqiblərindən öndə çatan atlet bu məsafədə 9 dəqiqə 37.81 saniyəlik nəticə göstərib. Əmrah bu göstərici ilə şəxsi rekordunu (9:45.83) da yeniləyib.

     Qeyd edək ki, Dünya Atletika Birliyinin qlobal təqvim platformasında yer alan ölkə çempionatı dünya və Avropa çempionatı da daxil olmaqla bir çox nüfuzlu yarışlarda iştirak üçün reytinq xallarının qazanılması baxımından mühüm əhəmiyyət kəsb edir.