Ordubad rayonunun Aşağı Əndəmic kəndində səyyar qəbul keçirildi

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli növbəti dəfə Aşağı Əndəmic kəndinin sakinləri ilə səyyari qəbul keçirib. Kənd mərkəzində keçirilən qəbulda İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, müvafiq kəndin icra nümayəndəsi və bələdiyyə sədrinin iştirakı ilə vətəndaşların müraciət və təklifləri dinlənilib.

İcra Hakimiyyətinin baçşısı Rəcəb Rəhimli ilk növbədə müstəqillik tariximizin ən önəmli günlərindən olan 15 iyun - Milli Qurtuluş Günü və qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə vətəndaşları təbrik edib, səmimi arzu və diləklərini çatdırıb. 44 günlük Vətən müharibəsi, lokal xarakterli antiterror tədbirlərindən sonra ölkədə və bölgədə yaranan yeniliklərdən irəli gələrək Azərbaycanın dünya müstəvisində mövqeyinin daha da möhkəmləndiyini, bugün Cənubi Qafqaz deyəndə regionun ən güclü dövlətinin məhz Azərbaycan olduğunu bildirib. Eyni zamanda beynəlxalq münasibətlər sisteminə nümunə olan xarici siyasətlə yanaşı aparılan uğurlu daxili siyasətin nəticəsi olaraq müasir dövrün çağrışlarına cavab verən islahatları sadalayıb. Muxtar respublika üçün spesifik olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institununun yaradılması, institutun xalqın firavanlığı kimi ali dəyərlərə xidmət etdiyini, idarəçilikdə vətəndaşların gözləntilərinə uyğun şəffaf və operativ fəaliyyətindən söz açıb. Həmçinin, muxtar respublikanın hərtərəfli inkişafına hesablanaraq qəbul edilən “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, bu proqramın Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” haqqında ətraflı məlumat verib.

Ordubad rayonu ilə bağlı məsələlərə toxunan İcra Hakimiyyətinin başçısı 21 fevral 2024-cü il tarixdə cənab Prezident İlham Əliyevin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamını xatırladaraq, verilən Sərəncamın Ordubada olan xüsusi diqqətin nümunəsi olduğunu, rayonun yaxın gələcəkdə sistemli və sürətli inkişafına zəmin yaradacağını bildirib. Məlumat verib ki, qarşıdakı illərdə rayonda geniş tikinti-quruculuq işləri aparılacaq, konserv, ipəkçilik müəssisələri yenidən qurulacaq, tarixi məhəllələrin restavrasiyası və hotel tikintisilə turizm imkanları daha da genişləndiriləcəkdir. Hətta ipəkçilik sahəsində ilkin addımların atıldığını, illər sonra bu sahənin dirçəldilməsinin rayon üçün də prioritet istiqamət olduğunu qeyd edərək, bu il Sabirkənd kəndində verilən 1 qutuya qarşılıq 100 kq barama götürüldüyünü diqqətə çatdırıb. Zəngəzur dəhlizinin açılması ilə sosial-iqtisadi, mədəni, turizm infrastrukturunun inkişaf edəcəyini, yaradılacaq yeni fəaliyyət sahələrinin məşğulluq imkanlarının artırılmasına təkan verəcəyini vurğulayıb.  

Görüş zamanı vətəndaşlar kənd camaatının istifadəsində olan kəhrizlərə baxılması, suvarma suyu təminatının daha da yaxşılaşdırılması, kəndin qarşı tərəfində olan əkin sahələrinə gediş-gəlişin asanlaşdırılması üçün yolun genişləndirilməsi və digər  sahələrdə yarana biləcək problemləri səsləndiriblər. Mövcud problemlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlar verilərək, işlər nəzarətə götürülüb.  

       Sonda vətəndaşlar göstərilən diqqət və qayğıya, onların problemləri ilə daha yaxından maraqlandıqlarına görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkür və minnətdarlıqlarını bildiriblər.