Ordubad Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Rəhimli növbəti səyyar qəbulu Aşağı Əylis kənd sakinləri ilə keçirib. Qəbulda İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, müvafiq nümayəndəliyin icra nümayəndəsi və bələdiyyə sədrinin iştirakı ilə vətəndaşların müraciət və təklifləri dinlənilib.
İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxışı zamanı Azərbaycanın beynəlxalq aləmdə günbəgün artan nüfuzundan, ölkəmizdə görülən işlərdən, muxtar respublikada, Ordubad rayonunda reallaşdırılacaq iri miqyaslı layihələrdən, əhalini narahat edən problemlərin həlli istiqamətində aparılan tədbirlərdən bəhs edib. “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, bu proqramın Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nı haqqında kənd sakinlərinə ətraflı məlumat verib. 21 fevral 2024-cü il tarixdə Prezident İlham Əliyevin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamının mahiyyətindən, rayonumuz üçün əhəmiyyətindən söz açıb, bunun Ordubada verilən xüsusi diqqətin ifadəsi olduğunu vurğulayıb. Həmçinin, rayonun qədim yaşayış məskənlərindən olan Aşağı Əylis kəndində ötən əsrlərdə qurulan kəhrizlər haqqında geniş məlumat verərək, bunların tarix-mədəniyyət abidələri olaraq qeydə alındığını, gələcəkdə turizmin inkişafına böyük töhfə verəcəyini bildirib. Qeyd olunub ki, Zəngəzur dəhlizinin də tezliklə reallaşması ilə rayonda bütün sahələr üzrə inkişafı təmin edəcək xüsusi layihələr həyata keçiriləcək, bu da tarixi ipək yolunun üzərində yerləşən Ordubad rayonunun region üçün önəmini daha da artıracaqdır.
Görüş zamanı vətəndaşlar məşğulluq imkanlarının genişləndirilməsi, suvarma və içməli suyu təminatının yaxşılaşdırılması, kənd daxili yolların asfaltlanması, elektrik, rabitə və digər sahələrdə yarana biləcək problemlərinin həlli, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması istiqamətində müraciət və təkliflərini səsləndiriblər. Onlar tərəfindən qaldırılan məsələlər nəzarətə götürülərək həlli ilə bağlı aidiyyatı təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sonda vətəndaşlar onların problemlərinin həllinə yerlərdə belə obyektiv və operativ yanaşılmasına, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.