Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş-dövlət bağlılığının möhkəmləndirilməsi, vətəndaş-məmur ünsiyyətinin daha sıx formada saxlanılması, vətəndaşların problemlərinə obyektiv və operativ baxılması sahəsində tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə sakinləri narahat edən məsələləri yerində öyrənmək və həlli yollarını araşdırmaq məqsədilə səyyar qəbullar davam etdirilir.
Ordubad Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Rəhimli növbəti səyyar qəbulu Aza və Darkənd kənd sakinləri ilə keçirib. Qəbulda İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, müvafiq nümayəndəliyin icra nümayəndəsi və bələdiyyə sədrinin iştirakı ilə qonşu kənd olan Azadkənd kənd vətəndaşlarının da müraciət və təklifləri dinlənilib.
Görüş zamanı vətəndaşlar məşğulluq imkanlarının genişləndirilməsi, suvarma və işməli suyu təminatının daha da yaxşılaşdırılması, kənd daxili yolların asfaltlanması və digər sahələrdə yarana biləcək problemlərinin həlli, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması istiqamətində müraciət və təkliflərlərini səsləndiriblər. Mövcud problemlərinin həlli ilə bağlı icra hakimiyyətinin müavinlərinə, şöbə müdirlərinə, aidiyyatı təşkilat rəhbərlərinə tapşırıqlar verilib.
Sonda vətəndaşlar onların problemlərinin həllinə yerlərdə belə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlıqlarını bildiriblər.