20 fevral 1994-cü il tarixdə Şərur rayonunda ölkəmizin sərhədlərinin müdafiəsi zamanı şəhidlik zirvəsinə ucalan Ələkbərov Qulam Novruz oğlunun doğum günü ilə əlaqədar dəfn olunduğu Azadkənd kəndində tədbir keçirilib, məzarı ziyarət olunub. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətinin, Səfərbərlik Xidmətinin, Sosial Xidmətlər Agentliyinin əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə çıxışlar dinlənilib, şəhidimizin ruhuna dualar oxunub.
Çıxış edənlər Azərbaycanın ərazi bütövlüyünün qorunması, tarixi torpaqlarımızın işğaldan azad edilərək suverenliyimizin tam bərpa olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsinin hər zaman böyük ehtiramla yad edildiyindən bəhs ediblər. Şəhidimizin həyatı və döyüş yolu barədə geniş məlumat verilib, onun bütün gənclər üçün vətənpərvərlik, qəhrəmanlıq nümunəsi olduğu, xatirəsinin əbədi olaraq qəlblərdə yaşayacağı xüsusi olaraq vurğulanıb.
Şəhid ailələri göstərilən diqqət və ehtirama görə minnətdarlıq ediblər.