Ordubad rayonunun Azadkənd kəndində şəhid Ələkbərov Qulam Novruz oğlunun qəhrəmancasına şəhadətə yüksəlməsinin 30-cu ildönümü və Üstüpü kəndində şəhid İsmayılov Kazım Məzahir oğlunun mövlüdu günü ilə əlaqədar tədbirlər keçirilib, şəhidlərin məzarları ziyarət edilib. Keçirilən tədbirlərdə Ordubad Rayon İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Dövlət Sərhəd Xidmətinin əsgər və zabit heyəti, şəhidin ailə üzvləri, müvafiq kəndlərin məktəb kollektivləri iştirak edib, şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, onların ruhuna dualar oxuyub, əziz xatirələrini yad ediblər.
Çıxış edənlər şəhidlərin həyat və döyüş yolları barədə məlumatlar verib, cənab Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin, qazilərimizin, qəhrəman əsgər və zabitlərimizin şücaəti hesabına Azərbaycan Respublikasının suverenliyinin tamamilə əldə edilməsindən bəhs ediblər. Bildiriblər ki, bugünki suverenliyimizi, müstəqilliyimizi, xoş güzəranımızı ölkə vətəndaşları olaraq canlarından və sağlamlıqlarından keçən vətən oğullarına və onların ailələrinə borcluyuq.
Çıxışlarda ölkə rəhbərinin şəhid ailələrinə diqqət və qayğısının nümunəsi kimi Zəfər seçkisində qazanılan böyük qələbədən dərhal sonra “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının imzalanmasının əhəmiyyəti vurğulanıb.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildiriblər.