18 may 1992-ci il tarixdə Sədərək rayonunda ölkəmizin müdafiəsi uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan İbrahimov Əşrəf İbrahim oğlunun il dönümü ilə əlaqədar Baş Dizə kənd tam orta məktəbində anım tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini və İcra Hakimiyyətinin əməkdaşları, Təhsil şöbəsinin nümayəndələri, hərbiçilər, şəhid ailələri , Baş Dizə kənd tam orta məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər müstəqilliyimizin qorunması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi, suverenliyimizin yenidən tam bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyini vurğulayıblar. Şəhid ailələri göstərilən hörmət və ehtirama, diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Tədbirin sonunda məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr olunan şeirlər səsləndirilib, bədii kompozisiyalar nümayiş olunub.