02 iyul 1995-ci il tarixdə Beyləqan rayonunda şəhidlik zirvəsinə ucalan Rzayev Cəmil Novruz oğlunun ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin, Biləv və Behrud kəndində fəaliyyət göstərən müəssisələrin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Behrud kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb. Şəhidimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib.
Çıxışlarda müstəqilliyimizin qorunması, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi, suverenliyimizin bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyi vurğulanıb, şəhidimizin ailəsinə mənəvi dəstək ifadə olunub.
Şəhid ailələri dövlətimiz tərəfindən göstərilən hörmət və ehtirama, diqqət və qayğıya görə minnətdarlıq ediblər.