Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq qoyulan hədəflərə lazımi səviyyədə nail olmaq, vətəndaş məmnunluğunun təmin edilməsi, davamlı inkişafa zəmin yaratmaq üçün vətəndaş müraciətlərinə həssaslıqla baxılması, qaldırılan məsələlərin diqqətlə araşdırılması, eləcə də əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Ordubad rayonunda mütəmadi olaraq vətəndaşlarla səyyar və fərdi görüşlər keçirilir.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli növbəti dəfə Biləv və Behrud kəndinin sakinləri ilə səyyar qəbul keçirib. Kənd mərkəzində keçirilən qəbulda İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, müvafiq kəndin icra nümayəndəsi və bələdiyyə sədrinin iştirakı ilə vətəndaşların müraciət və təklifləri dinlənilib.
İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək sakinləri salamlayıb, respublikamızda qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır. Rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri, reallaşdırılacaq geniş infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib. 44 günlük Vətən müharibəsi, antiterror əməliyyatından sonra regionda dəyişən vəziyyətdən, yaranan yeni reallıqlardan irəli gələrək Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsini vurğulayıb. Eyni zamanda Naxçıvan Muxtar Respublikasında yeni idarəetmə modelinin tətbiqi olaraq yaradılan Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institununun müasir idarəçilikdə əhəmiyyətindən, vətəndaş-məmur münasibətlərinin daha sıx müstəvidə qurulmasında, vətəndaşların problemlərinin həllinə obyektiv və operativ yanaşılmasında rolundan bəhs edib. Muxtar respublikanın hərtərəfli inkişafına istiqamətlənən, müasir dövrün tələblərinə, vətəndaşların gözləntilərinə uyğun olaraq qəbul edilən “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, bu proqramın Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” haqqında ətraflı məlumat verib. Ordubad rayonu ərazisində keçmişdə faəliyyət göstərən ənənəvi sahələrin bərpası və dirçəldiməsi üçün atılacaq addımlar haqqında kənd əhalisi məlumatlandılıb, ipəkçilik və baramaçılıq, eləcə də Konserv istehsalı sənayesinin yenidən və tam müasir standartlara uyğun şəkildə qurulmasının nəzərdə tutulduğu bildirilib. Cənab Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixdə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamına toxunaraq, verilən Sərəncamın rayonumuz üçün xüsusi önəm kəsb etdiyini, Ordubada verilən yüksək qayğının ifadəsi olduğunu vurğulayıb.
Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib, onların arzu və təklifləri dinlənilib, vətəndaşların səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.