Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli mütəmadi olaraq rayon mərkəzi ilə yanaşı, kəndlərdə də sakinləri narahat edən məsələləri yerində öyrənmək və həlli yollarını araşdırmaq, bu istiqamətdə işlər aparmaq məqsədilə səyyar qəbullar keçirir. Bu dəfəki görüş rayonun ucqar dağ kəndlərindən biri olan Bist kəndində təşkil olunub. Qəbulda Bist kəndi ilə yanaşı eyni inzibati ərazi dairəsi üzrə nümayəndəliyə tabe olan Ələhi kəndinin sakinləri də iştiraklar ediblər. Bist kənd mərkəzində keçirilən qəbulda İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, müvafiq kəndin icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
Rəcəb Rəhimli çıxışı zamanı böyük Zəfərdən sonra respublikamızın bütün bölgələrində olduğu kimi, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında, eləcə də Ordubad rayonunda böyük ruh yüksəkliyi ilə sürətlə gedən sosial-iqtisadi inkişaf, aparılan abadlıq - quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlərdən danışıb. Həmçinin “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan, bu proqramın Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” haqqında kənd sakinlərinə ətraflı məlumat verib.
Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, qədim Ordubad diyarı hər zaman öz tarixi, mədəniyyəti, təbiəti, ziyalıları, təbii resursları, faydalı qazıntıları, tarixi İpək Yolunun üzərində yerləşməsi, turizmin inkişafı üçün lazım olan əlverişli mühiti ilə ölkə miqyasında seçilib, fərqlənib. Bütün bunlar isə heç şübhəsiz imkan verir ki, əminliklə deyək ki, Zəngəzur Dəhlizinin açılışı reallaşdıqdan sonra rayonda potensial iqtisadi imkanlardan istifadə etməklə sərmayədarların cəlb olunması sürətlənəcək və kompleks proqramların icrası təmin olunacaq. Əlbəttəki, bütün bunlar isə əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, rifah halının yaxşılaşdırılmasına xidmət edir.
Görüş zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, onlar tərəfindən qaldırılan məsələlər nəzarətə götürülüb, həlli ilə bağlı aidiyyatı təşkilat rəhbərlərinə tapşırıqlar verilib, qaldırılan təkliflərin diqqətdən kənar qalmayacağı vurğulanıb.
Görüş kənd sakinləri tərəfindən razılıqla qarşılanıb və onlar əhalinin rifahının yaxşılaşdırılması sahəsində həyata keçirilən işlərə görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.