Ordubad rayonunun Çənnəb kəndində vətəndaşların müraciət və təklifləri dinlənilib

       Vətəndaş məmnunluğunun artırılması, onların dövlət orqanlarına əlçatanlığının təmin edilməsi, problemlərinin yerlərdə öyrənilməsi məqsədilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən rayon mərkəzi ilə yanaşı kənd və qəsəbələrdə də səyyar qəbullar davam etdirilir. İyun ayının 14-də vətəndaş müraciətlərinin dinlənilməsinin növbəti ünvanı Çənnəb kəndi olub.

       Qəbulun əvvəlində Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək Azərbaycan xalqının taleyində mühüm əhəmiyyətə malik olan, müstəqillik tariximizin ilk şanlı səhifəsi kimi yaddaşlara həkk olunan 15 iyun - Milli Qurtuluş Günü və qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə vətəndaşları təbrik edib, səmimi diləklərini çatdırıb. Həmçinin,  respublikamızın daxili və beynəlxalq aləmdə qazandığı uğurları,  muxtar respublikada, eləcə də Ordubad rayonunda dövlətimiz tərəfindən həyata keçirilən islahatları, geniş miqyaslı layihələri vurğulayıb. Modern dövrün tələblərini tam şəkildə yerinə yetirəcək, yeni idarəçilik modeli olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəlik institutunun yaradılması, muxtar respublikda fəaliyyətin sistemli şəkildə qurulması məqsədilə qəbul olunan “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, bu proqramın Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” haqqında ətraflı məlumat verib. Tariximizə qızıl hərflərlə yazılan 44 günlük zəfərimizdən və uğurlu antiterror əməliyyatından sonra Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzundan, yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməsinin önəmindən bəhs edib. Eyni zamanda, cənab Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixli “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamına toxunaraq, Sərəncamın Ordubad rayonuna olan xüsisi diqqətin ifadəsi olduğunu bildirib. Qədim diyarın tarixi-mədəni irsinin yenidən bərpa olunacağını, tarixilik və müasirliyin fonunda daha gözəl şəhər görünüşü alacağını, turizm infrastrukturunun yenilənəcəyini, qarşıdakı illərdə rayonda geniş tikinti-quruculuq işlərinin aparılacağını, ənənəvi  fəaliyyət sahələri olan konserv, ipəkçilik müəssisələrinin yenidən qurulacağını və Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə yaradılacaq yeni iş yerləri sayəsində məşğulluq imkanlarının daha da genişləndiriləcəyini qeyd edib.

       İcra Hakimiyyəti başçısının müavinlərinin, aparatın şöbə müdirlərinin, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, müvafiq kəndin icra nümayəndəsi və bələdiyyə sədrinin iştirak etdikləri görüş zamanı kənd sakinləri Rumus yaylağı deyilən əraziyə yolun çəkilməsi, suvarma suyunun yaxşılaşdırılması məqsədilə çayda bəndin qurulması ilə bağlı təkliflərini və digər məsələlərlə əlaqədar müraciət və problemlərini səsləndiriblər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər nəzarətə götürülüb, həlli ilə bağlı aidiyyatı təşkilat rəhbərlərinə tapşırıqlar verilib.

        Görüş kənd sakinləri tərəfindən razılıqla qarşılanıb və onlar əhalinin rifahının yaxşılaşdırılması sahəsində həyata keçirilən işlərə görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.