Ordubad rayonunun Dəstə kəndində “Erkən nikah və qan qohumluğu nikahlarının fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirildi

     10 aprel 2025-ci il tarixdə Ordubad rayonunun Dəstə kənd tam orta məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Erkən nikah və qan qohumluğu nikahlarının fəsadları” mövzusunda maarifləndirmə tədbiri təşkil olunub. Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Fərqanə Hüseynli, Rayon Polis Şöbəsi və Təhsil Şöbəsinin əməkdaşları, məktəbin yuxarı sinif şagirdləri və onların valideynləri iştirak ediblər.

     Tədbirdə giriş nitq ilə çıxış edən Fərqanə Hüseynli erkən nikahın və qan qohumluğunun cəmiyyətə, xüsusilə də gənc nəsil və ailələrə təsiri barədə ətraflı məlumat verib. O, erkən nikahın cəmiyyətdə yaratdığı sosial və iqtisadi çətinliklərə, eləcə də qan qohumluğu münasibətlərinin səbəb olduğu sağlamlıq və hüquqi problemlərə diqqət çəkməyin vacibliyini vurğulayıb. Mövzunun cəmiyyətin gələcəyi üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edən Fərqanə Hüseynli, gənclərin düzgün maarifləndirilməsinin və hüquqi prosedurların vaxtında və dolğun şəkildə başa düşülməsinin önəmini diqqətə çatdırıb.

   Daha sonra Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvləri – Ordubad Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Emin Mehbalıyev, Rayon Polis Şöbəsinin əməkdaşı Aqil Seyidov və Dəstə kənd tam orta məktəbinin direktoru Ülviyyə Cəfərova da mövzu ətrafında çıxış ediblər.

     Sonda iştirakçıların sualları cavablandırılıb.