Vətəndaşların qarşılaşdıqları problemləri yerində həll etmək, təkliflərini nəzərə almaq və mövcud çatışmazlıqları aradan qaldırmaq məqsədilə 21 may 2024-cü il tarixdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən Dəstə kəndində səyyari qəbul keçirilib, yerli sakinlərin müraciətləri dinlənilib. Dəstə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin akt zalında keçirilən qəbulda başçının müavinləri, aparatın məsul şəxsləri, xidməti təşkilatların rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli ilk olaraq ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı quruculuq işlərinə toxunmuş, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarında əldə edilən zəfərin tarixi əhəmiyyəti, bu il keçiriləcək COP29-un Azərbaycan üçün iqtisadi qazancları və digər məsələlər ilə bağlı zəruri məlumatları qəbul iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən və qlobal layihənin bir parçası hesab olunan Zəngəzur dəhlizinin bölgə üçün faydaları, eləcə də Naxçıvan Muxtar Respublikasında yaradılan Səlahiyyətli Nümayəndəlik İnstitutu tərəfindən müasir yanaşmaların tətbiq olunduğu idarəçilik mexanizmi haqqında kənd sakinlərinə ətraflı məlumat verilib.
İcra başçısı “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, bu proqramın Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” haqqında düşüncələrini bölüşərək rayon ərazisində ipəkçilik-baramaçılıq və konserv fabriklərinin yaradılması, hotel tikintisi, Ordubad şəhərinin baş planının hazırlanması istiqamətində görüləcək işlərin yaxın zamanda reallaşacağını vurğulayıb. 21 fevral 2024-cü il tarixdə Prezident Cənab İlham Əliyev tərəfindən imzalanan “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamın rayonumuz üçün xüsusi önəm kəsb etdiyi, Ordubada göstərilən yüksək qayğının ifadəsi olduğu bildirilib. Bu sərəncamla qədim diyarın tarixi-mədəni irsinin yenidən bərpa olunacağı, turizm infrastrukturunun yenilənəcəyi, bir sıra vacib layihələrin həyata keçiriləcəyi qeyd olunub.
Daha sonra sakinlərlə Dəstə kəndinin ümumi problemləri müzakirə edilib, vətəndaşların arzu və təklifləri dinlənilib, məşğulluq, yol infrastrukturu, meliorativ problemlər, sosial yardım və s. sahələr üzrə səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerində araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirib.